03 may

Azərbaycan yol çəkir, Ermənistan isə yol axtarır - TƏHLİL

Dünyanın siyasi və iqtisadi xəritəsində hər zaman yol xəritələri dəyişir. Ancaq bəzən bu dəyişikliklər təkcə iqtisadi deyil, geosiyasi və tarixi dönüş nöqtəsinə çevrilir. Məhz belə bir dövrdə Azərbaycanın strateji mövqeyi və infrastruktur layihələrinə yanaşması onu Avrasiya tranzit sisteminin əsas mərkəzlərindən birinə çevirib.

Azərbaycan bu gün iki nəhəng nəqliyyat dəhlizinin, Şimal-Cənub və Şərq-Qərb oxlarının qovşağında yerləşməklə beynəlxalq daşımaların dinamikasını dəyişir. Bu dəhlizlər sadəcə xəritədə cızılmış marşrutlar deyil, bunlar enerji təhlükəsizliyi, iqtisadi inteqrasiya və regionlararası əməkdaşlıq üçün strateji arteriyalardır. Şimal-Cənub dəhlizi, Rusiya–İran–Hindistan–Azərbaycan xətti boyunca irəliləyən multimodal sistemdir. Artıq Azərbaycan hissəsində infrastrukturlar – Astara-Astara dəmir yolu, avtomobil yolları hazırdır. 2028-ci ilə qədər Rəşt-Astara dəmir yolu istifadəyə veriləcək və bu dəhliz Süveyş kanalına real alternativ olacaq.

Digər tərəfdə, Şərq-Qərb dəhlizi (yaxud Orta Dəhliz) Çin–Qazaxıstan–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa xəttini əhatə edən marşrutdur. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Limanı və Azad İqtisadi Zona kimi infrastruktur elementləri Azərbaycanı Şərqlə Qərbin birləşdiyi əsas tranzit nöqtəyə çevirib.

Ermənistan 30 ilə yaxın bir dövrdə Azərbaycana qarşı işğal siyasəti yürüdərək regionun əsas logistik layihələrindən özünü təcrid etdi. İkinci Qarabağ müharibəsindən sonra yeni reallıqlar formalaşdı, Azərbaycan regionun qərarverici aktoruna çevrildi.  Halbuki Ermənistan uzun illərdir "Şimal-Cənub dəhlizində iştirak edəcəyik" deyə iddialarla çıxış edirdi. Reallıq isə başqadır. 

Ermənistan Qacaran-Sisian yolunun tikintisini 2033-cü ilə qədər təxirə salıb. Bu isə deməkdir ki, onlar özləri də bu marşrutun əhəmiyyətsizliyini qəbul edirlər. Çünki, Ermənistanın Rusiya ilə quru sərhədi yoxdur, Gürcüstandan asılıdır.

Digər səbəb Abxaziya üzərindən keçən dəmir yolu bağlıdır və Gürcüstan açmağa razı deyil. Bundan başqa, marşrut iqtisadi olaraq da səmərəsizdir.  Lakin Azərbaycan marşrutu daha qısa, təhlükəsiz və hazırdır.

Ona görə də, Ermənistan bu dəhlizlərdə yer almaq istəyirsə, bunun açarı Bakının əlindədir. Sülh müqaviləsi imzalanmadan, normal qonşuluq münasibətləri bərpa olunmadan Ermənistanın bu layihələrdə iştirakı mümkün deyil. Çünki bölgədə yol çəkən də, yol açan da artıq Azərbaycandır.

Azərbaycanın bu gün atdığı strateji addımlar təkcə tranzit imkanları ilə bağlı deyil. Bu, böyük bir geosiyasi oyun planıdır. Ermənistan isə bu oyun planına ya uyğunlaşacaq, ya da tarixi fürsəti əldən verəcək.

TƏHLİL ANALİTİK QRUP