Kəşmir məsələsi: münaqişə, təxribat yoxsa, dünya üçün təhlükə? - ŞƏRH

Dünya yenidən Hindistan və Pakistan arasında artan gərginliklə üz-üzədir. Hər dəfə Kəşmir sözü səslənəndə sanki tarix yenidən öz faciəsini təkrar edir. Bu dəfə də fərqli olmadı. Sərhəddə atəş səsləri, diplomatik ritorikada sərtlik və qarşılıqlı ittihamlar... Sual yaranır: bu, yeni bir müharibənin başlanğıc nöqtəsidir, yoxsa daha bir regional dramın təkrarı?
Hindistan və Pakistan arasındakı qarşıdurma nə ilkdir, nə də, təəssüf ki, son olacaq. 1947-ci ildəki bölünmədən bu yana Kəşmir problemi iki ölkənin siyasi və hərbi münasibətlərinin mərkəzində dayanır. İndi isə vəziyyət daha da kritikdir: bir tərəfdə yüksələn hindu millətçiliyi, digər tərəfdə isə Pakistanda geniş yayılan anti-Hindistan ritorikası. Kəşmirin qanayan yarası yenidən açılıb, üstəlik bu dəfə daha çox qlobal risklərlə müşayiət olunur.
Hadisələrin qığılcımı Kəşmirdə hind əsgərlərinə edilən hücumla başladı. Hindistan bu hücumun arxasında Pakistanın dayandığını iddia edir, Pakistan isə bu iddianı rədd edərək Hindistanın daxili böhranlarını “xarici düşmən” obrazı ilə pərdələməyə çalışdığını bildirir. Amma ortadakı həqiqət daha təhlükəlidir: Bu qarşıdurma artıq sadəcə regional çərçivədə deyil.
Beynəlxalq sistemin tənəzzülə uğradığı bir dövrdə iki nüvə dövlətinin qarşıdurması sıradan bir hadisə deyil. BMT-nin illərlə icra olunmayan qətnamələri, böyük güclərin Hindistan və Pakistanla yalnız öz maraqları çərçivəsində münasibət qurması, kollektiv təhlükəsizlik sisteminin funksiyasız hala gəlməsi vəziyyəti daha da təhlükəli edir. Bu baxımdan, qarşıdurmanın mümkün inkişaf istiqamətləri bir neçə ssenaridə öz əksini tapır.
Ən real ssenari – məhdud silahlı qarşıdurma – artıq tarixi presedentə malikdir. 1999-cu ildəki Kargil müharibəsi buna nümunədir. Lakin bu dəfə risklər daha yüksəkdir: nüvə silahları, etnik gərginlik və beynəlxalq güc balansının qeyri-müəyyənliyi.
İkinci yol – diplomatik vasitəçilik – mümkündür, amma zəifdir. Çin, Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələrin rolu vacib ola bilər. Lakin belə vasitəçilik cəhdləri yalnız tərəflərin siyasi iradəsi olduğu halda uğur qazana bilər.
Üçüncü istiqamət – yeni sülh mexanizminin yaradılması – daha davamlı bir həll ola bilər. Simla sazişi və 2003-cü il atəşkəs razılaşması təməl kimi istifadə edilə bilər. Amma bunun üçün yenilənmiş inam tədbirləri və uzunmüddətli dialoq lazımdır.
Dördüncü və ən çətin yol isə – beynəlxalq təzyiq mexanizminin işə salınmasıdır. Amma BMT sisteminin indiki passivliyi fonunda bu variantın effektivliyi ciddi sual altındadır.
Mövqelərin yaxınlaşdırılması üçün ilk atım isə informasiya savaşının dayandırılmasıdır. Medianın və siyasətçilərin millətçi ritorikası gərginliyi alovlandırmaqdan başqa heç nəyə xidmət etmir. Eyni zamanda, Hindistanın Cammu və Kəşmirə verdiyi xüsusi statusun ləğvi ilə yaranan yeni reallıqlar mütləq şəkildə masa üzərində müzakirə olunmalıdır.
Əməkdaşlıq imkanları da unudulmamalıdır: su ehtiyatları, enerji layihələri, ticarət, mədəniyyət mübadiləsi və xüsusilə gənclər arasında əlaqələrin inkişafı uzunmüddətli sülhün əsas dayaqları ola bilər.
Bu münaqişə təkcə Hindistan və Pakistanın problemi deyil. Əgər beynəlxalq ictimaiyyət sabitlik, hüquqa əsaslanan dünya nizamı və nüvə təhlükəsizliyi istəyirsə, Kəşmir problemi sadəcə izlənilməməli, fəal şəkildə həll olunmalıdır. Əks halda, susan dünya sabah baş verə biləcək bir nüvə qarşıdurmasının məsuliyyətindən boyun qaçıra bilməyəcək.
TƏHLİL ANALİTİK QRUP