ABŞ Ukraynanın yeraltı sərvətlərinə şərik olur

ABŞ və Ukrayna arasında təbii resursların işlənməsi sahəsində yeni və strateji əhəmiyyətli saziş imzalanıb. Bu razılaşma çərçivəsində iki ölkə birgə ABŞ–Ukrayna Yenidənqurma İnvestisiya Fondu yaradacaq.
Təhlil.az xəbər verir ki, ABŞ-nin maliyyə naziri Skott Bessent bəyan edib ki, prezident Donald Trampın sülhü təmin etməklə bağlı səyləri fonunda imzalanan bu iqtisadi tərəfdaşlıq sazişi tarixi əhəmiyyət daşıyır.
Razılaşma ABŞ-yə Ukraynanın yeraltı sərvətlərinə – xüsusilə alüminium, qrafit, neft və təbii qaz ehtiyatlarına dair investisiya layihələrində birbaşa iştirak hüququ verir.
Ukraynanın baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib ki, bu sazişə əsasən, ölkə yeni yataqlardan əldə olunan gəlirlərin 50%-ni birbaşa fondda yönəldəcək. Fondun idarəsində isə həm Ukrayna, həm də ABŞ bərabər səs hüququna malik olacaq.
Maliyyə Nazirliyi və ABŞ Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyası (DFC) artıq Ukrayna hökuməti ilə tərəfdaşlığın inkişafı istiqamətində fəaliyyətə başlayıb.
Bu əməkdaşlıq, ekspertlərin fikrincə, ABŞ-nin Ukraynanın bərpasında iqtisadi və enerji baxımından strateji rolunu gücləndirəcək.