30 aprel

İsraildə güclü meşə yanğınları: Minlərlə insan təxliyə olunur - VİDEO

Aprelin 30-u səhəri saatlarında İsrailin Yerusəlim dağlarındakı Eştaol meşəsində güclü yanğın baş verib. Alovlar Məsilat Tsion yaşayış məntəqəsi yaxınlığında geniş əraziləri bürüyüb.

Təhlil.az xəbər verir ki, yanğın sürətlə yayılır və vəziyyət nəzarətdən çıxmaq təhlükəsi yaradır.

İsrailin Yanğınsöndürmə və Xilasetmə Xidməti “Yanğın zərbəsi” adlı xüsusi rejim elan edib. Bu rejim fövqəladə təhlükə hallarında tətbiq olunur və hadisəyə maksimum səviyyədə resurs ayrılmasını nəzərdə tutur. Sözügedən regiona ölkənin bir neçə bölgəsindən 50-dən artıq yanğınsöndürmə briqadası cəlb olunub. Hava şəraitinin əlverişsiz – xüsusilə güclü küləklərin – olması alovların qarşısının alınmasını çətinləşdirir.

Yanğının əhatə dairəsinin genişlənməsi səbəbilə Naxşon, Bkoa, Məsilat Tsion, Tarum və Taoz yaşayış məntəqələrinin sakinlərinin təxliyə oluna biləcəyi barədə xəbərdarlıq edilib. Rəsmi məlumatlara görə, yanğın bölgəsində 12 nəfərə yüngül dərəcəli dəm qazı zəhərlənməsi ilə bağlı tibbi yardım göstərilib.

Baş nazir Benyamin Netanyahunun özü də hadisə yerinə gedərək vəziyyətlə yerində tanış olub. Eyni zamanda, İsrail ordusunun Hərbi Hava Qüvvələrinin 669-cu təxliyə və xilasetmə bölməsi yüksək hazırlıq vəziyyətinə gətirilib. Hərbi yanğınsöndürmə maşınları və xüsusi aviasiya qüvvələri də söndürmə işlərinə qoşulmağa hazırlaşır.

İsrail hökuməti həmçinin Kıbrıs, Yunanıstan, Xorvatiya, Bolqarıstan və İtaliyaya müraciət edərək yanğınların söndürülməsi üçün təcili yardım istəyib. Beynəlxalq dəstəyin yaxın saatlarda bölgəyə çatması gözlənilir.

Bu, təkcə təbii fəlakət deyil – həm də regional təhlükəsizlik və humanitar yardım məsələsi kimi dəyərləndirilir. Hadisənin inkişafı, qarşısının alınıb-alınmaması və beynəlxalq birliyin reaksiyası yaxın günlərdə diqqət mərkəzində olacaq.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.