Dünyanın ən xoşbəxt və ən bədbəxt insanları bu ölkələrdə yaşayır - SİYAHI

Hər il 20 mart – Beynəlxalq Xoşbəxtlik Günü münasibətilə BMT-nin sifarişi ilə hazırlanmış “World Happiness Report” – Dünya Xoşbəxtlik Hesabatı dərc olunur.
Təhlil.az xəbər verir ki, 2025-ci il reytinqində bir daha Finlandiya birinci yeri tutub – 7,736 bal. Bu ölkə 2017-ci ildən bəri liderliyini qoruyur.
İlk beşlikdə yer alan digər ölkələr:
Danimarka
İslandiya
İsveç
Niderland
Ən xoşbəxt 10 ölkə sırasına həmçinin Kosta-Rika, İsrail və Meksika da daxildir.
ABŞ tarixində ilk dəfə olaraq 24-cü yerə düşüb – bu, ölkənin indiyədək reytinqdəki ən zəif nəticəsidir. Rusiya isə 72-ci yerdən 66-cı yerə qalxıb. Ən sonuncu yeri isə 1,364 balla yenə Əfqanıstan tutur.
Finlandiya niyə liderdir?
Ölkə heç bir parametrdə birinci olmasa da, həyat keyfiyyəti baxımından sabit və yüksək göstəricilərə malikdir:
2-ci yer – sosial dəstək
2-ci yer – korrupsiya ilə mübarizə
56-cı yer – səxavətlilik
Son 30 ildə Finlandiyada intiharların sayı 2 dəfə azalıb. Ümumdünya Səhiyyə Təşkilatına görə, burada intihar faizi bir sıra Avropa ölkələrindən aşağıdır.
Reytinq necə hazırlanır?
Gallup-un sorğusu əsasında aparılan reytinqdə 140 ölkədən 100 min insan iştirak edir. Onlar öz həyat səviyyələrini 0-dan 10-a qədər qiymətləndirirlər. Qiymətləndirməyə təsir edən əsas amillər:
Adambaşına düşən ÜDM
Sosial dəstək
Sağlam ömür uzunluğu
Qərar azadlığı
Korrupsiya qavrayışı
Səxavətlilik
Qeyd olunur ki, bəzi ölkələr iqtisadi çətinliklərə baxmayaraq, emosional olaraq daha yüksək nəticə göstərir. Məsələn, Latın Amerikası ölkələri müsbət emosiyalar üzrə ilk onluqda üstünlük təşkil edir.