23 aprel

Bakı Limanı dənizsiz qala bilər

Xəzər dənizi – dünyanın ən böyük qapalı su hövzəsi – ciddi ekoloji fəlakətlə üz-üzədir.

Təhlil.az xəbər verir ki, alimlərin yeni araşdırmasına görə, iqlim dəyişikliyi nəticəsində dənizdə su səviyyəsinin sürətlə azalması 21-ci əsrin sonuna qədər davam edə bilər və bu, bütün region üçün dağıdıcı nəticələr doğura bilər.

Britaniyanın Lids Universitetinin alimləri hesab edir ki, hətta ən yaxşı iqlim ssenarilərində belə, dəniz səviyyəsi 5-10 metr azala bilər. Daha pis proqnozlara görə, bu göstərici 21 metrə çata və 110 min kvadrat kilometr su sahəsi yox ola bilər. Bu tendensiya yalnız təbiətə deyil, həm də 15 milyondan çox insanın yaşadığı sahilyanı ərazilərə ciddi təsir göstərəcək.

Canlı aləmə təhlükə: Xəzər dəniz suitiləri və nərə balıqları yox olmaqdadır

Xəzərin bənzərsiz ekosistemi böyük təhlükə altındadır. Ən çox zərər görəcək canlılardan biri Kaspiy dəniz suitisidir– bu növ yalnız Xəzərin duzlu sularında yaşayır və artıq kritik azalma mərhələsindədir. Suyun 5 metr azalması, bu canlıların 81%-lik yaşayış mühitini məhv edə bilər. Nərə balıqları da vəziyyətdən zərər çəkəcək. Artıq bu növlərin hamısı nəsli kəsilməkdə olan siyahıya daxil edilib. Yeni iqlim reallıqları onların 45%-ə qədər kürüləmə ərazilərini əlindən ala bilər.

 Miqrant quşlar üçün ölüm marşrutu?

Xəzər eyni zamanda Avropa, Asiya və Afrikanı birləşdirən qlobal quş miqrasiyası üçün əsas dayanacaq nöqtəsidir. Lakin dənizin geri çəkilməsi ilə lagunlar, bataqlıqlar və qamışlıqlar yox olur, bu isə milyonlarla quşun dayanacaq tapa bilməməsi deməkdir.

Tədqiqatçılar hesab edir ki, Xəzərin 10 metrlik səviyyə itkisi nəticəsində onun unikal ekosistemlərinin 4-dən 1-i tamamilə məhv olacaq.

Toksik toz və sağlamlıq böhranı

Suyun geri çəkilməsi ilə ortaya çıxan dəniz dibi toksik tozla örtülə bilər. Bu tozun tərkibində duzlar və sənaye tullantıları ola bilər ki, bu da sahilyanı bölgələrdə yaşayanlar üçün ciddi sağlamlıq riski yaradır.

Bənzər fəlakət Aral dənizində yaşanmışdı – burada havaya qalxan duzlu tozlar əhalidə ciddi xəstəliklərə səbəb olmuşdu. Eyni ssenari Xəzər sahillərində də təkrarlana bilər.

Ticarət və limanlar dayanır: İqtisadi böhran yaxınlaşır

Ekoloji fəlakət iqtisadiyyata da təsir göstərir. Xəzərin sahilində yerləşən Bakı, Aktau, Ənzəli, Türkmənbaşı və Ləğan limanları artıq sahildən uzaqlaşır. Bəzi ərazilərdə məsafə 100 kilometri keçə bilər. Bu, ticarət, gəmiçiliyin və enerji nəqlinin iflic olması deməkdir.

Hazırda neft tankerleri suyun azlığı səbəbindən yalnız 7-7,3 min ton yük götürə bilir. Halbuki əvvəlki dövrlərdə bu rəqəm 12 min ton idi. Hər 10 sm su itkisi yüzlərlə ton yük itkisinə səbəb olur.

 "İndidən tədbir görməsək, gec olacaq" – Alimlər xəbərdarlıq edir

Tədqiqatın rəhbəri, Lids Universitetindən Dr. Saymon Qudmen deyir: “Ən optimist ssenaridə belə, Xəzərin səviyyəsinin düşməsi artıq qaçılmazdır. Ancaq hələ də təbiəti və sahilyanı əhalini qorumaq üçün imkanlarımız var. Bu, beynəlxalq əməkdaşlıq tələb edən mürəkkəb bir məsələdir və təxirə salmaq olmaz”. 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.