Zəngəzurdan Şanxaya: Azərbaycan Çini necə yaxınlaşdırır? - ŞƏRH

Azərbaycan ilə Çin arasında münasibətlər son illərdə yeni mərhələyə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına növbəti dövlət səfəri bu əlaqələrin möhkəmlənməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır, eyni zamanda regional və qlobal səviyyədə strateji əməkdaşlığa əsaslanır.
Artan ticarət dövriyyəsi və investisiya maraqları
2024-cü ilin göstəricilərinə əsasən, iki ölkə arasında əmtəə dövriyyəsi 20,7% artaraq 3,7 milyard ABŞ dollarına çatıb. Çin bu gün Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşı, eyni zamanda ölkəyə ən çox məhsul ixrac edən ölkədir – idxal strukturunda Çinin payı 17,69 faiz təşkil edir. Bununla yanaşı, Azərbaycan da Çin bazarına ixracı artırır, xüsusən də qeyri-neft məhsulları və şərab ixracı sahəsində irəliləyişlər müşahidə olunur.
Çin şirkətləri Azərbaycana yalnız xidmət və texnologiya ixrac etməklə kifayətlənmir, həm də birbaşa investisiyalarda maraqlı olduqlarını göstərirlər. Hal-hazırda ölkəmizdə Çin kapitalı ilə 375 şirkət qeydiyyata alınıb, onlardan 298-i aktiv şəkildə fəaliyyət göstərir. Bu şirkətlərin fəaliyyəti əsasən ticarət, nəqliyyat, energetika və yüksək texnologiyalar sahələrini əhatə edir.
Viza rejiminin ləğvi və turizm potensialı
Azərbaycanın Çin vətəndaşları üçün vizanı ləğv etməsi və qarşılıqlı vizasız gediş-gəliş haqqında sazişin imzalanması ikitərəfli əlaqələrə yeni təkan verib. Bu addım ticarət dövriyyəsinin artımı ilə yanaşı, turizm, təhsil və mədəni sahələrdə də əlaqələrin dərinləşməsinə şərait yaradacaq.
“Kəmər və Yol” təşəbbüsü və Azərbaycanın rolu
Çin tərəfindən irəli sürülən “Kəmər və Yol” təşəbbüsü müasir dövrün ən iddialı iqtisadi və infrastruktur layihələrindən biri hesab olunur. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdəndir və bu çərçivədə fəal iştirak edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan bu təşəbbüsə Çinlə yanaşı, ən çox investisiya qoyan ikinci ölkədir. Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Çinin Avropaya çıxışında mühüm tranzit imkanları yaradır.
Orta və Şimal-Cənub dəhlizlərində Azərbaycanın rolu
Azərbaycan üzərindən keçən Orta Dəhliz (Transxəzər marşrutu) və Şimal-Cənub Nəqliyyat Dəhlizi ölkəmizi beynəlxalq yükdaşımaların mərkəzinə çevirib. Bu dəhlizlər vasitəsilə Çin öz məhsullarını Avropa və Yaxın Şərq bazarlarına daha sürətli və təhlükəsiz şəkildə çatdıra bilir. Perspektivdə isə Zəngəzur dəhlizinin açılması ilə bu imkanların daha da genişlənəcəyi gözlənilir. Çin bu layihəyə xüsusi maraq göstərir və onun reallaşmasını dəstəkləyir.
Strateji tərəfdaşlığa keçid və siyasi əlaqələr
2024-cü ilin iyul ayında Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Azərbaycan və Çin liderləri tərəfindən imzalanan “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Sənəddə ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, qarşılıqlı fayda və dinc birgəyaşayış prinsiplərinə sadiqlik əks olunub. Azərbaycan “Vahid Çin” prinsipini açıq şəkildə dəstəkləyir, Çin isə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək verir.
Çinin dövlət başçısı Si Cinpin Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırması da münasibətlərin səmimi və etibarlı təməl üzərində qurulduğunu sübut edir.
Nəticə
Azərbaycan və Çin arasındakı münasibətlər təkcə iqtisadi göstəricilər və ticarət dövriyyəsi ilə ölçülmür. Bu əlaqələr eyni zamanda qarşılıqlı siyasi etimad, strateji maraqların uzlaşması və geosiyasi təşəbbüslərin birgə reallaşdırılması ilə dərinləşir. Əldə olunan nəticələr göstərir ki, qarşıdakı illərdə bu münasibətlər daha da güclənəcək və hər iki ölkəyə regional və qlobal səviyyədə əlavə üstünlüklər qazandıracaq.
TƏHLİL ANALİTİK QRUP