Dahi heykəltəraş dünyasını dəyişdi

Heykəltəraş, monumental sənət əsərləri müəllifi və Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli 91 yaşında vəfat edib.
Təhlil.az xəbər verir ki, onun köməkçisi Sergey Şaqulaşvili bildirib: “Zurab Konstantinoviç gecə saat 01:30 radələrində dünyasını dəyişdi. Hazırda vida mərasiminin nə zaman keçiriləcəyi məsələsini həll edirik”.
Onun sözlərinə görə, rəssamın ölüm səbəbi ürək dayanması olub.
Məlumat üçün bildirək ki, Zurab Sereteli – rəssam, monumental sənət ustası və heykəltəraş, pedaqoq və ictimai xadim, SSRİ, Gürcüstan və Rusiya Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının prezidenti idi. O, Tbilisidə anadan olub. Ən genişmiqyaslı bədii layihələrin rəhbəri olub. 1970–1980-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin baş rəssamı, 1980-ci ildə Moskva Olimpiya Oyunlarının baş rəssamı, 1995-ci ildə Moskvadakı Poklonnaya Qorada yerləşən memorial kompleksin tikintisinin bədii rəhbəri, eləcə də Xilaskar Məsih kilsəsinin bədii tərtibatının bərpasının baş rəssamı olub. Rəssamın əsərləri Moskva və digər Rusiya şəhərlərinin, MDB ölkələrinin və bir sıra xarici dövlətlərin küçə və meydanlarını, dövlət və ictimai binalarını bəzəyir.