Vaşinqton görüşünün regiona təsiri - ŞƏRH

8 avqust həm Azərbaycan və Ermənistan, həm region, həm də dünya üçün tarixi bir günə çevrildi. ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşlər keçirilib, üçtərəfli bəyənnamə imzalanıb. Görüş zamanı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb. İki ölkənin XİN başçıları tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığına işarə edir.
Bu bəyannamə əslində Cənubi Qafqazda yeni geosiyasi reallıqların yaranmasının başlanğıcıdır. Vaşinqton görüşündə tərəflər arasında kifayət qədər ciddi məsələlər üzrə danışıqlar aparılıb, ciddi nəticələr əldə edilib. Bu sıraya enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya dəhlizləri kimi vacib sahələrlə yanaşı, texnologiya sahəsində əməkdaşlıq, investisiya təşviqi kimi sahələr də daxildir. Bu, regionun iqtisadi inkişafı, yeni tərəfdaşlıqlar, yeni münasibətlər deməkdir. Bu, regionda yeni qaydaların müəyyənləşməsi deməkdir. Qeyd etmək lazımdır ki, bu oyunun qaydalarını da məhz Azərbaycan müəyyənləşdirəcək və əsas aktor kimi çıxış edəcək.
Vaşinqton görüşünün ehtimal nəticələrindən biri də ABŞ və Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi, müadafiə sənayesi əlaqələrinin dərinləşməsi ol bilər. Paralel olaraq isə, rəsmi Bakı ABŞ investisiyalarını ölkə iqtisadiyyatına cəlb edə bilər və xüsusən də texnologiya sahəsində yeni layihələrə imza ata bilər. Bu isə Azərbaycanın bu sahədə də regionun aparıcı gücünə çevrilməsinə səbəb olacaq.
Regionun inkişafına təkan verən əsas amillərdən biri də Zəngəzur dəhlizinin işə düşməsidir. Bu marşrut bu gün bütün dünyanın maraq dairəsində olan, Çindən malların Avropaya fasiləsiz və qısa müddət ərzində daşınmasını təmin edən bir yoldur. Belə bir yolun işə düşməsi paralel olaraq, enerji resurslarının da Qərbə ixracını daha da asanlaşdıra bilər. Bu isə həm regionun, həm də layihədə iştirak edən ölkələrin iqtisadi cəhətdən inkişafı, dünyaya inteqrasiyası, bu layihədən böyük pay alması deməkdir. Təbii ki, belə bir variant Ermənistan üçün də çox məqbuldur. Çünki Azərbaycan Bakı-Tbilisi-Qars xətti ilə Avropaya çıxışını təmin edib. Zəngəzur dəhlizinin işə düşməsi hazırda Ermənistan üçün hava və su kimi vacibdir. Bu yol regionda yeni geosiyasi reallıqlar yaradacaq.
Hikmət Həsənov