21 aprel

Pekinə strateji səfər: Azərbaycan-Çin əlaqələri yeni mərhələdə - MƏQALƏ

Dünya yeni güc mərkəzləri ilə formalaşır, siyasi tərəzilər yenidən qurulur. Məhz belə bir zamanda Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına gözlənilən səfəri sadəcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda Avrasiya coğrafiyasında diplomatik hadisə kimi qiymətləndirilir.

Bu səfər Azərbaycan-Çin münasibətlərinin artıq strateji müttəfiqlik səviyyəsinə keçdiyini göstərir. Çin Azərbaycanı yalnız iqtisadi baxımdan deyil, həm də sabitlik, etibarlılıq və uzunmüddətli baxışa malik tərəfdaş kimi görür. Pekin üçün Bakı – Şərqlə Qərb arasında uzanan mühüm tranzit körpüsü, Qafqazın geoiqtisadi açarıdır.

Tarixi təməl, strateji baxış

Azərbaycan-Çin əlaqələrinin əsası 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Çinə etdiyi rəsmi səfərlə qoyulub. Həmin dövrdə Azərbaycanın gənc bir dövlət kimi Şərqə açılması və Çinlə siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlıq qurması uzaqgörən diplomatik qərar idi. Bu münasibətləri daha da gücləndirən isə Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi ardıcıl səfərlər və layihələrdir.

Xüsusilə 2015-ci ildəki səfər “Bir kəmər, bir yol” təşəbbüsünün ilkin mərhələsi ilə eyni vaxta təsadüf etdi. Azərbaycan burada passiv iştirakçı deyil, Avrasiya ticarətinin aktiv oyunçusu kimi çıxış edir. Azərbaycanın limanları, dəmir yolları, avtomobil yolları və logistika mərkəzləri bu baxımdan Çinlə Avropa arasında qızıl xəttdir.

Yalnız iqtisadi deyil, siyasi güc də qazandırır

Çin və Azərbaycanın strateji baxışı təkcə ticarət və infrastrukturla məhdudlaşmır. “Sabitlik və qarşılıqlı fayda” prinsiplərinə söykənən Çin siyasəti ilə Azərbaycanın “müstəqillik, balans və bərabərlik” siyasəti bir-birini tamamlayır. Bu səbəbdən də 2023-cü ilin sonunda imzalanmış Strateji Tərəfdaşlıq Bəyanatı tərəflərin münasibətləri artıq qlobal müstəvidə dəyərləndirdiyinin sübutudur.

Bu sənəddə enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, alternativ enerji, nəqliyyat və təhsil sahəsində əməkdaşlıq ön plana çıxarılıb. Azərbaycan üçün bu, yalnız iqtisadi imkanlar deyil, həm də beynəlxalq siyasi nüfuzun artması deməkdir.

Səfərdən gözləntilər?

Prezident İlham Əliyevin növbəti Pekin səfəri çərçivəsində bir sıra yeni enerji və texnologiya layihələrinin razılaşdırılması, investisiya təşviqləri, kənd təsərrüfatı və rəqəmsal sahədə əməkdaşlığın dərinləşdirilməsi gözlənilir. Humanitar və təhsil əlaqələrinin genişlənməsi isə bu münasibətlərin yalnız iqtisadi deyil, mədəni bir körpü halına gəldiyini göstərir.

Bu səfər Azərbaycanın çoxvektorlu xarici siyasətinin növbəti uğurlu epizodu olacaq. Qərblə tərəfdaş, Şərqlə dost, regionda isə lider mövqe – Bakı diplomatiyasının imzası artıq Pekində də qabarıq görünür.

TƏHLİL ANALİTİK QRUP

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.