Dünən

Qarabağda iqtisadi dirçəliş: Tütün fabrikindən beynəlxalq forumlara - TƏHLİL

Azərbaycanın investisiya cəlbediciliyinin davamlı şəkildə yüksəlməsinə təsir göstərən mühüm amillərdən biri də ölkədə formalaşmış siyasi sabitlik, iqtisadi mühitin proqnozlaşdırıla bilən olması, hüquqi çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu, geniş enerji və xammal ehtiyatları xarici sərmayədarlar üçün mühüm üstünlüklər yaradır.

Beynəlxalq iqtisadi təşəbbüslərdə, qlobal layihələrdə fəal iştirakı Azərbaycanın iqtisadi imkanlarını genişləndirir. İqtisadiyyatın diversifikasiyası, vergi və gömrük sahəsində tətbiq olunan güzəştlər, investorların hüquqlarının qorunmasına verilən dövlət zəmanəti ölkəni regionda rəqabətədavamlı sərmayə məkanına çevirib. Azərbaycanın investisiya mühitinin beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilməsi də ölkənin maliyyə sabitliyini təsdiqləyən vacib meyardır.

2025-ci ilin birinci yarısı ölkəmiz üçün xarici investisiyaların artımı və iqtisadi fəallığın güclənməsi baxımından mühüm mərhələ kimi yadda qalıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-iyun aylarında əsas kapitala xarici mənbələrdən 2,2 milyard manat vəsait yönəldilib və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,6 faiz çoxdur. Bu müsbət tendensiya əlverişli biznes və sərmayə mühiti baxımından xarici investorların ölkəmizə inamının daha da möhkəmləndiyini təsdiq edir. Qeyri-neft-qaz sektoruna investisiyaların 13,5 faiz artması isə milli iqtisadiyyatın diversifikasiya siyasətinin səmərəli nəticələrini önə çıxarır.

Hesabat dövründə ölkəmizə yatırılan xarici investisiyaların 97,3 faizi və yaxud 1 milyard 949,4 milyon manatı Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan kimi müxtəlif regionları təmsil edən ölkələrin sərmayədarlarının payına düşüb. Bu fakt deməyə əsas verir ki, Azərbaycanın sərmayə coğrafiyası kifayət qədər genişdir və müxtəlif ölkələri təmsil edən biznes qurumları ölkə iqtisadiyyatının inkişaf potensialına ciddi maraq göstərirlər. Ölkəmizin geostrateji mövqeyi, regional kommunikasiyaların kəsişmə nöqtəsində yerləşməsi, nəqliyyat-logistika imkanları və davamlı iqtisadi islahatlar kursu bu marağı şərtləndirən vacib amillər sırasındadır.

Ölkəmizin investisiya cəlbedicliyinin artımında azad edilmiş ərazilərin münbit sərmayə mühiti də vacib rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri həm iqtisadi, həm də siyasi baxımdan strateji əhəmiyyətə malikdir. Dövlət başçısının iyulun 18-də Ağdamda Sənaye Parkında olması, burada tütün fabrikinin açılışında iştirakı bir daha təsdiqləyir ki, azad edilmiş ərazilər mühüm istehsal və iqtisadi fəaliyyət məkanına çevrilib. Bu həm də yerli xammala əsaslanan sənaye potensialının formalaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir.

Son illərdə Qarabağ və Şərqi Zəngəzurun biznes potensialının dünyaya təqdimatı məqsədilə müxtəlif beynəlxalq tədbirlər, forumlar və sərgilərin təşkili diqqət mərkəzində saxlanılır. Məqsəd qlobal şirkətlərin diqqətini bu iqtisadi rayonlara yönəltmək, onların investisiya qoyuluşlarını stimullaşdırmaqdır. Eyni zamanda, həyata keçirilən nəhəng infrastruktur layihələri – yolların, dəmiryolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası həmin ərazilərin sürətli bərpasına, iqtisadi dövriyyəyə daxil edilməsinə xidmət edir. Mövcud infrastruktur layihələri investorların rahatlığını və logistik imkanlarını genişləndirir.

Azad edilmiş ərazilərdə formalaşdırılan əlverişli sərmayə mühiti həm də dövlət-özəl sektor tərəfdaşlığının genişlənməsinə şərait yaradır. Dövlət bu prosesdə əsas investor kimi çıxış etməklə yanaşı, xarici şirkətlər üçün şəffaf və əlverişli şərtlər təqdim edir. Xarici ölkələrin şirkətləri bu layihələrdə iştirak etməklə bölgədə baş verən real dəyişikliklərə birbaşa şahidlik edir, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini açıq şəkildə dəstəkləyirlər. Bu isə Azərbaycanın diplomatik mövqelərini möhkəmləndirən amillərdən biridir.

Azad edilmiş ərazilərdə biznes mühitinin cəlbediciliyini yüksəldən əsas mexanizmlərdən biri də stimullaşdırıcı güzəştlər paketidir. Prezident İlham Əliyevin 10 dekabr 2021-ci il tarixli sərəncamına əsasən, azad edilmiş ərazilərdə fəaliyyət göstərən rezidentlər 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət, əmlak, torpaq, sadələşdirilmiş və digər vergilərdən azad ediliblər. Bu tədbir azad olunmuş ərazilərə investisiyaların cəlbi üçün ciddi təşviq mexanizmi kimi çıxış edir, xüsusilə də riskləri minimuma endirir.

“Böyük Qayıdışa dair Dövlət Proqramı” isə azad edilmiş ərazilərin iqtisadi dirçəlişi üçün sistemli və ardıcıl fəaliyyət modelinə çevrilib. Proqram çərçivəsində əlverişli biznes və sərmayə mühitinin formalaşdırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, maya dəyərinin azaldılması kimi mexanizmlər nəzərdə tutulur. Eyni zamanda, xarici ölkələrdəki ticarət nümayəndələri vasitəsilə regionun potensialını təqdim edən mühüm marketinq tədbirləri həyata keçirilir. Elektron platformalar üzərindən investisiyaların cəlbi, startapların və biznes inkubatorlarının təşviqi reallaşdırılır.

Bir sözlə, Azərbaycan hökuməti investisiya mühitini davamlı şəkildə təkmilləşdirməyi strateji hədəflərdən biri elan edib. Dövlətin tətbiq etdiyi stimullaşdırıcı mexanizmlər, müasir iqtisadi konseptlər və ardıcıl strateji planlar Azərbaycanın regional iqtisadi mərkəzə çevrilməsi də təmin edib. Xarici invstisiyaların həcminin ilbəil artması, qeyri-neft sektorunun önə çıxması, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi ölkəmizin yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir.

MTM Analitik Qrupu 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?