İran səfiri: “Tehran Rusiyanın ABŞ ilə dialoqa dair istənilən təşəbbüsünü alqışlayacaq”

Tehran İranın uranı zənginləşdirmək hüququnu qoruyacaq və sanksiyaların aradan qaldırılmasına kömək edəcək Rusiya da daxil olmaqla ABŞ ilə istənilən dialoq təşəbbüsünü alqışlayacaq. Təhlil.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə İranın Moskvadakı səfiri Kazem Cəlali deyib.
“İranın xarici işlər naziri Abbas Əraqçi Moskvaya gələndə bildirdi ki, əgər Rusiyanın siyasi təşəbbüsləri varsa, bizim qırmızı xətlərimizi nəzərə alaraq onları təqdim edə bilər və biz bu təşəbbüsləri nəzərdən keçirə bilərik. Beləliklə, əgər dostlarımız bir rol oynamaq istəsələr, İran bunu, xüsusən də bizim güvəndiyimiz Rusiya kimi ölkədən gələn təklifi alqışlayacaq”, - səfir bildirib.
Cəlali vurğulayıb ki, İrana təklif edilən istənilən təşəbbüsdə İslam Respublikasının iki əsas qırmızı xətti nəzərə alınmalıdır: öz ərazisində uranın zənginləşdirilməsi hüququ və sanksiyaların ləğvi. Səfir qeyd edib ki, bu şərtlərin hər ikisi yerinə yetirilərsə, Tehran Rusiya və Çin kimi İrana dost ölkələrin təşəbbüslərini alqışlayar.