Yeni “Yalta” mümkündürmü? - TƏHLİL

Amerika mətbuatı Prezident Donald Trampın sentyabrın əvvəlində Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Pekinə dəvət oluna biləcəyi barədə yazır. İddialara görə, bu dəvət İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş genişmiqyaslı hərbi paradla əlaqəlidir. Hərçənd belə bir səfərin reallaşması ABŞ-Çin-Rusiya münasibətlərinin gələcək trayektoriyasını müəyyən edəcək ciddi strateji əhəmiyyətə malik hadisə ola bilər. Çünki son illərdə ABŞ-Çin münasibətləri əsasən ticarət müharibələri, texnologiya sahəsində sanksiyalar, Tayvan ətrafındakı hərbi gərginliklər və qlobal hegemonluq uğrunda mübarizə fonunda sərtləşmişdi. Tramp adminstrasiyası Çin mallarına qarşı yüksək gömrük rüsumları tətbiq etmiş, Huawei kimi Çin texnoloji şirkətlərinə qarşı qadağalar qoyulmuşdu. Amerika mətbuatı onu da yazır ki, artıq bir sıra ticarət sazişləri Pekin və Tramp komandası arasında müzakirə olunur və bu, Trampı Çinlə bağlı sərt ritorikasına yenidən baxmağa vadar edib. Bu, həm də onun hakimiyyətinin iqtisadi kartını gücləndirmək məqsədi daşıyır: Tramp xarici siyasətdə sərt, amma eyni zamanda Amerikanın iqtisadi maraqlarını ön plana çəkən lider imicini bərpa etməyə çalışır.
Əgər Tramp həqiqətən də sentyabr ayında Pekində keçiriləcək Qələbə Paradına qatılarsa, bu, həm simvolik, həm də strateji baxımdan önəmli hadisə olacaq. Birincisi, bu, ABŞ prezidentinin Çin və Rusiya liderləri ilə eyni platformada görünməsi deməkdir. İkincisi, bu görüntü beynəlxalq ictimaiyyət üçün müəyyən siqnallar verəcək. Belə ki, Qərb daxilində yeni geosiyasi konfiqurasiyalar mümkündür və Vaşinqtonun siyasi gələcəyi bu kartların yenidən qarışdırılmasına səbəb ola bilər. Trampın Rusiya və Çinlə “yeni Yalta” istəyi əvvəllər də gündəmdə olub. Onun 2018-ci ildə Helsinkidə Putinlə keçirdiyi sammit, yaxud Şimali Koreya lideri Kim Çen In-lə görüşləri Trampın qeyri-ənənəvi diplomatiyasının nümunələri sayılır. Hazırkı mərhələdə isə belə bir görüş ABŞ-nin mövcud siyasi kursuna qətiyyən zidd deyil.
Amma onu da deməliyik ki, əgər Trampın Çin və Rusiya liderləri ilə eyni platformada görüşü baş tutarsa, bu, ABŞ daxilində və NATO müttəfiqləri arasında ciddi siyasi dalğalanmalara səbəb olacaq. Bir çoxları bunu “Amerika maraqlarına zidd diplomatik manevr” kimi qiymətləndirəcək və ehtimal ki, Trampı Kremlə və Pekinə “əl uzatmaqda” ittiham edəcək. Eyni zamanda Avropa İttifaqı və NATO ölkələri də bu səhnəni diqqətlə izləyəcəklər. Ukrayna müharibəsinin davam etdiyi, Tayvan böhranının isə hər an güclənəcəyi bir vaxtda ABŞ liderliyindəki qeyri-müəyyənlik Qərb cəbhəsində parçalanma meyllərini artıracaq.
Lakin Trampın məqsədi aydındır: o, “barışdırıcı”, “dünyanı müharibədən çəkindirən” lider obrazını canlandırmaqla, həm də ABŞ-nin iqtisadi üstünlüyünü qoruyub saxlamağa çalışır. Çində keçiriləcək hərbi parad isə ona beynəlxalq arenada “dünyanın taleyini həll edən adam” statusu qazandıra bilər. Eyni zamanda Tramp bu görüş vasitəsilə Bayden administrasiyasının yaratdığı ABŞ-Çin gərginliyini yumşaltmaqla, həm Pekinin, həm də Rusiya elitasının gözündə etibarlı alternativ olaraq görünməyə çalışacaq.
Trampın Çin və Rusiya liderləri ilə Pekində görüşməsi hələlik mətbuatın irəli sürdüyü ehtimaldır. Lakin bu ehtimalın reallaşması həm ABŞ daxilində, həm də beynəlxalq aləmdə çoxsaylı siyasi silkələnmələrə səbəb olacaq. Əgər bu səfər baş tutarsa, o zaman ABŞ-Çin münasibətləri “soyuq sülh” mərhələsinə keçəcək, Rusiya, Çin və ABŞ arasında yeni qlobal dialoq formatı meydana çıxacaq. Bundan əlavə, NATO və Avropa İttifaqı daxilində parçalanma meylləri güclənəcək, Tramp “qələbə gətirən lider” imicini möhkəmləndirəcək. Buna görə də sentyabrda baş verəcək hadisələr təkcə diplomatik şou deyil, eyni zamanda, qlobal nizamın konturlarını müəyyən edəcək dönüş nöqtəsi ola bilər.
MTM Analitik Qrupu