Dünən

Paşinyanın Aİ-yə daxil olma arzusu utopiyadır - ŞƏRH

Sorosun dəstəyi ilə 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan ilk gündən Qərbə inteqrasiya yolunu tutdu. Baş nazirin xarici siyasət kursu uzun müddət ölkədə qızğın müzakirələrə və müəyyən dairələrin etirazına səbəb olub. Çünki uzun illər Moskvanın forpostu olan İrəvanın birdən-birə Aİ-yə yaxınlaşması ölkədəki ruspərəst qüvvələrin, xüsusən də eks-prezident Robert Köçəryanın maraqlarına zidd idi. Bununla yanaşı, Rusiyanın Ermənistandakı ciddi təsir rıçaqları əsasən iqtisadiyyat və infrastrukturla bağlı olduğu üçün müəyyən kəsim də buna qarşı çıxır. Məsələn, son aylar Ermənistandan Rusiyaya gül və konyak ixracında ciddi problemlər yaranıb və bu, ölkədə sahibkarların etirazına səbəb olub. Bununla belə, Nikol Paşinyan Kremlin təsir rıçaqlarını azaltmaq üçün müəyyən addımlar atır. Elə Aİ-nin də Ermənistana ayırdığı pulların bu məqsəd üçün xərclənəcəyini ehtimal etmək olar.

Amma işin real tərəfi odur ki, Paşinyanın Aİ-yə daxil olmaqla bağlı səsləndirdiyi bəyanat utopiyadan başqa bir şey deyil. Çünki Aİ-də Ermənistanı gözləyən yoxdur. Erməni dövləti Qərbə Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaq üçün lazımdır. Eyni zamanda quruma üzv olmaqla bağlı açıqlamalar populist və səthiyanaşmadır. Çünki Aİ tarixindən, müxtəlif dövlətlərin bu struktura inteqrasiya tarixindən gördüyümüz kimi, bu proses xeyli uzun çəkə bilər, lakin hər şey siyasi vəziyyətdən və tərəflərin siyasi iradəsindən asılıdır. Ermənistanın geosiyasi seçimi müəyyənləşib - bu, Avropa İttifaqına inteqrasiyadır. İndi məntiqlə bu seçim Konstitusiyada, normativ-hüquqi sənədlərdə öz əksini tapmalıdır və ondan sonra Ermənistan dövləti üçün belə bir yol ətrafında dialoqun, müzakirənin başlanması kifayət qədər real görünür.

Bundan əlavə, nəzərə almaq lazımdır ki, Ermənistanın əsas enerji qurumları, Su Elektrik Stansiyaları, İstilik Elektrik Stansiyaları və Atom Elektrik Stansiyası Rusiyanın əlindədir. Paralel olaraq, Ermənistanın dəmir yolu xətti də Moskvanın nəzarəti altındadır. Bütün bu strateji qurumlar əvvəlki hökumətlər tərəfindən borc qarşılığında Rusiyaya verilib. Bu da onu deməyə əsas verir ki, Ermənistanın Moskvadan tam qopmaq arzusu fiasko ilə nəticələnə bilər. Moskva istənilən anda bu təsir rıçaqlarını işə salaraq, ölkəni dağılmaq təhlükəsi ilə üzləşdirə bilər. Eyni zamanda qeyd etmək yerinə düşər ki, Ermənistanın ən böyük ticarət tərəfdaşı da Aİİ ölkələri və xüsusən də Rusiyadır. Bu səbəbdən də Moskvadan tam qopmaq bu ticarəti də təhlükə altına ala bilər. Qısacası, Ermənistanın iqtisadiyyatı məhv olma təhlükəsi ilə üzləşəcək.

Hikmət Həsənov

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?