04 iyun

Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətlərin bərpasına çalışır - TƏHLİL

Donald Tramp ABŞ-də növbəti dəfə prezident seçildikdən sonra Gürcüstan hökumətinin Ştatlarla münasibətləri bərpa etmə ümidi artıb. Ötən il Gürcüstanda baş verən hadisələr iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vurmuşdu. Gürcü hökuməti tərəfindən qəbul edilən “Xarici agentlər haqqında” qanunun qüvvəyə minməsi ilə Vaşinqton və Brüssel Tbilisiyə təzyiqlər etməyə başladılar. Eyni zamanda müəyyən sanksiyalar da tətbiq edildi. Məsələn, gürcü hökuməti nümayəndələrinin Şengen zonasına vizasız hərəkəti məhdudlaşdırıldı, Aİ-yə üzvlük prosesi dayandırıldı. Amma 2025-ci ildə Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra təzyiqlərdə azalma müşahidə edilib. Təsadüfi deyil ki, cari ilin 16 may tarixində baş nazir İrakli Kobaxidze Avropa Siyasi Birliyinin toplantısına dəvət edilib. Eyni zamanda bir sıra ölkələrdə hökumət çevrilişi üçün sponsorluq edən USAİD-in fəaliyyətinin dondurulması da Tbilisi-Vaşinqton münasibətlərinin bərpasında mühüm addımlardan biridir.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, ABŞ-də hökumət dəyişikliyi baş versə də, müəyyən sahələrdə siyasətdə davamlılıq ənənəsi var. Bu səbəbdən də Tramp administrasiyasının birdən-birə Tbilisi ilə çox yaxın münasibətlər quracağını gözləmək də sadəlövhlük olar. Eyni zamanda, hələlik ABŞ-dən Gürcüstanla bağlı müsbət siqnallar nəzərə çarpmır. Xüsusən qeyd etmək lazımdır ki, aprel ayında Tramp administrasiyası Gürcüstan hökumətini anti-demokratik davranışları davam etdirməkdə ittiham edib. Burada söhbət həbsdə olan müxalifət nümayəndələrindən gedir. Eyni zamanda Vaşinqtonun öz maraqlarını hər zaman üstün tutduğunu da nəzərə alsaq, deyə bilərik ki, əgər gürcü hakimiyyəti ABŞ-nin regional maraqlarına cavab versə, Rusiyaya rəğmən bunu təmin etsə, ikitərəfli münasibətlərin bərpasına ümid edə bilər.

Bir neçə gün əvvəl isə prezident Donald Tramp gürcü həmkarı Mixail Kavelaşvilini və gürcü xalqını ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. Bu məktubdan məmnun qalan gürcü hökuməti yenidən ağ səhifədən başlamaq üçün imkanların yarandığını bildirib.

Eyni zamanda qeyd etmək də lazımdır ki, Gürcüstana qarşı ABŞ-də ikili münasibət sərgilənir. Məsələn, prezident Gürcüstana, gürcü xalqına və gürcü hökumətinə qarşı çox mehriban münasibət bəsləyir, onun legitimliyinə şübhə etmir, Gürcüstan hakimiyyətini “Rusiyanın təsirinə meylli olmaq”da və xüsusən də “antiamerikanizm”də ittiham etmir. Amma Konqresdə, xarici siyasət və milli kəşfiyyat idarələrində (Co Uilson, Marko Rubio və Talsi Qabbard) başqa mənzərə ortaya çıxır. Bu şəxslər eks-prezident Salome Zurabişvili və Avropayönümlü müxalifəti dəstəkləyirlər. Bu səbəbdən də yaxın vaxtlarda Tbilisi-Vaşinqton xəttində ciddi dəyişikliklərin, müsbət tendensiyaların müşahidə ediləcəyini söyləmək mümkün deyil.

Hikmət Həsənov

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.