İki toxunuş, bir fürsət də: penalti qaydası dəyişir

Futbol Assosiasiyalarının Beynəlxalq Şurası (IFAB) penalti ilə bağlı mühüm qayda dəyişikliyinə imza atıb.
Təhlil.az xəbər verir ki, yeni qərara əsasən, əgər penalti zərbəsini yerinə yetirən futbolçu bilmədən topa iki dəfə toxunarsa və nəticədə qol vurulsa, həmin zərbə təkrarlana bilər.
Bu dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək. İndiyədək isə belə hallar istər təsadüfi, istərsə də texniki səhv nəticəsində baş versin — qolun ləğvi və ya zərbənin etibarsız sayılması ilə nəticələnirdi.
Qayda dəyişikliyi futbol tarixində bənzər hadisələrin yaratdığı mübahisələrdən sonra gündəmə gəlib.
Məsələn, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Real Madrid”lə oyunda “Atletiko”nun hücumçusu Xulian Alvares penalti zamanı topa iki dəfə toxunduğu üçün onun vurduğu qol hesaba alınmamışdı.
Yeni qayda penaltilərdə yaşanan texniki incəliklərə daha ədalətli yanaşma gətirəcək və təsadüfi səhvlərin oyunun taleyini həll etməsinin qarşısını almağı hədəfləyir.