Fransanın Azərbaycanda meqalayihəsi

Abşeron qaz-kondensat yatağında yeni qaz emalı obyekt tikiləcək.
Təhlil.az xəbər verir ki, bu barədə Bakı Enerji Forumu çərçivəsində “Total Energies” şirkətinin Avropa üzrə kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jan-Lük Giziu məlumat verib.
Onun sözlərinə görə, obyekt layihənin növbəti mərhələsində, sahil zonasında inşa ediləcək: “Biz bu modeli əvvəllər İraqda uğurla tətbiq etmişik və inanırıq ki, eyni yanaşma Azərbaycanın Abşeron layihəsi üçün də faydalı olacaq”.
Giziu əlavə edib ki, yeni qazemalı kompleksin yaradılması layihənin ekoloji dayanıqlığını artıracaq və karbon izini azaltmağa kömək edəcək: “Artıq bu istiqamətdə hazırlıq işlərinə başlamışıq”.
Xatırladaq ki, Abşeron yatağında qaz və qazkondensatın hasilatına 2023-cü ilin iyulunda start verilib. Yatağın qaz ehtiyatları təxminən 300–400 milyard kubmetr həcmində qiymətləndirilir.