03 iyun

Professor: “Paşinyan bu gün sülh istəmir” - RƏY

“Rusiya Cənubi Qafqazda forpostu olan Ermənistanın son zamanlar Qərb meyllərini nümayiş etdirməsinə qısqanclıqla yanaşır. Bu baxımdan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana son səfəri çox mürəkkəb səfər sayılmalıdır. Çünki Lavrov İrəvanda keçirilən mətbuat konfransında ölkəsinin Ermənistana necə kömək etdiyi və əslində Ermənistanın Moskvaya nə qədər borclu olduğu barədə kəskin fikirlər irəli sürüb”.

Bu fikirləri təhlil.az saytına açıqlamasında Azərbaycanın Moldova və Gürcüstandakı keçmiş səfiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev deyib.

O bildirib ki, Qərb dövlətlərinin Cənubi Qafqazda öz maraqlarını reallaşdırmaq üçün istifadə etmək baxımından Ermənistana daha çox diqqət yetirdiyi hər kəsə aşkardır: Ermənistanın subyekt dövlət deyil. Bu ölkə həmişə onun daxili və xarici siyasətinə təsir göstərməyə çalışan müxtəlif qüvvələrin təsiri altında olub. Ermənistan öz növbəsində istər maliyyə, istərsə də siyasi imtiyazlar əldə etmək üçün özünü baha qiymətə satmağa çalışıb. Beynəlxalq münasibətlərin aparıcı subyektləri də İrəvandan öz siyasi maraqları üçün istifadə etməyə çalışırlar”.

N. Əliyev qeyd edib ki, İrəvanın Konstitusiyaya dəyişiklik etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək məsələsində istəksiz davranması Ermənistan tərəfinin Bakı ilə sülh müqaviləsinin imzalanması prosesini yubatmaqda maraqlı olduğunu göstərir.

“Bütün bunlara baxmayaraq, Paşinyan hələ də sülh prosesinə sadiqliyini göstərməyə çalışır. O, yaxşı bilir ki, Azərbaycan Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklər etmədən sülh müqaviləsi imzalamağa razı olmayacaq. Çünki bu, mənasızdır. Amma Ermənistan bu gün də dağıdıcı siyasətini davam etdirir. Birmənalı başa düşmək lazımdır ki, Paşinyan sülh prosesini ləngidir, sülh sazişinin imzalanmasını gecikdirir. Bunu hansı səbəbdən etməsi isə başqa bir mövzudur. Amma fakt odur ki, Paşinyan sülh prosesini ləngidir və o, bu gün sülh istəmir”- deyə, kafedra müdiri əlavə edib.

Rasim Babayev 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.