03 iyun

Fransa Gorusda nə axtarır? - TƏHLİL

Cənubi Qafqazda sülh sazişinin incə balanslar üzərində qurulduğu bir məqamda Fransa növbəti dəfə regionda öz izini qoymağa çalışır. Bu dəfə seçilən məkan  Ermənistanın Gorus şəhəri. Strateji baxımdan önəmli ərazi, Azərbaycanın dövlət sərhədinə yaxın yerləşən, perspektivdə Zəngəzur dəhlizinin keçə biləcəyi bölgə.

Fransanın burada fəxri konsulluq açması, ardınca Ermənistanla əməkdaşlığa həsr olunan beşinci konfransın təşkili bir daha göstərdi ki, Paris regionda neytral vasitəçi deyil. Əksinə, bu addımlar Ermənistanı təşviq edən, Azərbaycanla sülhün qurulmasına mane olan planlı davranışlar silsiləsinin bir parçasıdır.

O zaman sual yaranır.  Əgər konsulluğun açılması diplomatik məqsədlər daşıyırsa, nəyə görə Gorus? Niyə bu qədər həssas dövrdə, sülh danışıqları davam edərkən? Vyana Konvensiyasına əsasən, konsulluqlar iqtisadi, mədəni və hüquqi əlaqələrin inkişafına xidmət etməlidir. Gorusda nə Fransa vətəndaşları yaşayır, nə də bu şəhərlə xüsusi iqtisadi münasibətlər var. Belə olan halda, burada konsulluğun açılması sadəcə rəmzi diplomatik jest deyil, siyasi mesajdır. Bir tərəfdən Azərbaycana, digər tərəfdən isə Rusiyaya.

Fransa Senatının üzvü Jilber-Lük Devinazinin konfrans zamanı səsləndirdiyi “Ermənistana sərhədlərini qorumaq üçün hərbi resurslar təmin edilməlidir” çağırışı da bu mesajın açıq mətnidir. Sülhü təşviq etmək əvəzinə, silahlanmanı dəstəkləyən yanaşma ilə Paris nə etməyə çalışır?

Gorus kimi əraziyə xüsusi status verilərək burada Fransa diplomatiyasının yerləşdirilməsi, Ermənistanın xarici aktorların oyuncağına çevrilməsi ilə nəticələnə bilər. Ən maraqlısı budur ki, üç ildir Rusiyanın Gorusda konsulluq açmaq istəyinə Ermənistan hökuməti reaksiya vermir. Fransa isə bu icazəni rahatlıqla alır. Bu, artıq İrəvanın yeni prioritetlərinin göstəricisidir və bölgədə Rusiya-Fransa qarşıdurmasının işartısı da sayılır.

Məsələ təkcə diplomatik nümayəndəliklə bitmir. Fransa Xarici İşlər Nazirliyi Ermənistanla əməkdaşlıq üzrə “xüsusi koordinator” təyin edir. Bu, beynəlxalq diplomatiyada nadir rast gəlinən addımdır və bölgəyə xüsusi diqqətin, eyni zamanda, müdaxilə niyyətinin təzahürüdür.

Azərbaycan tərəfi isə bu gedişləri diqqətlə izləyir. Zəngəzur dəhlizi üzrə öhdəliklərin yerinə yetirilməməsi fonunda Gorusda baş verənlər aydın şəkildə bu layihəyə qarşı sabotaj cəhdidir. Halbuki, Zəngəzur dəhlizi regionda nəqliyyat, iqtisadiyyat və əməkdaşlıq baxımından Ermənistan üçün də fürsət ola bilərdi. Amma İrəvan, görünür, bu fürsəti sadəcə Parisin dəstəyini itirməmək üçün qurban verməyə razıdır. 

Fransanın birtərəfli və qərəzli siyasəti Avropa İttifaqının bölgədəki sülh missiyasını da çətin vəziyyətə salır. Avropa İttifaqı sülh, dialoq, sabitlik çağırışı etsə də, onun əsas üzvlərindən birinin belə destruktiv davranışı bu platformaya da kölgə salır.

Rəsmi Bakı isə mövqeyini dəyişmir. Azərbaycanın qəti tələbi aydındır. Regiona aid olmayan hərbi-siyasi güclər sərhədlərdən kənarda qalmalıdır. Bu, təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın sabitliyi üçün zəruridir. Əks təqdirdə, bölgə böyük güclərin yeni qarşıdurma meydanına çevrilə bilər.

Fransanın Gorusdakı fəaliyyəti diplomatik rəmzlər arxasında gizlənmiş geosiyasi niyyətlərin aydın nümunəsidir. Azərbaycan isə bu niyyətləri ifşa etməkdə və öz suverenliyini müdafiə etməkdə qətiyyətlidir. Sülh istəyənlər dialoqa, qarşıdurma axtaranlar isə təcridə hazır olmalıdır.

MTM Analitik Qrupu 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.