03 iyun

Paşinyan seçkilərə hazırlaşır - Polisdə “təmizləmə” əməliyyatı - TƏHLİL

Dünən günorta saatlarında Ermənistan polisinin rəisi, daxili işlər nazirinin müavini Aram Ovanisyan tutduğu vəzifədən azad edilib. Bu istefa bir müddət əvvəl dövlət strukturlarında başlayan kütləvi işdən azad olmaları xatırladıb. Baş nazir Nikol Paşinyan yenidən “təmizləmə” əməliyyatına başlayıb? Yoxsa 2026-cı il seçkilərindən əvvəl hüquq-mühafizə orqanlarındakı adamlarının sayını artırır? Nəzərə alsaq ki, Aramın daxili işlər naziri Arpin Sarkisyanla münasibətləri gərgin olub və tərəflər bir-birinə nifrət edib. Eyni zamanda Rusiya XİN başçısı Lavrovun İrəvana səfəri zamanı siyasi fəalların etiraz aksiyası keçirməsi və polisin güc tətbiqi də istefa səbəbləri arasında sadalana bilər. Görünür, etiraz aksiyasının qarşısının alınması hakim dairələrin xoşuna gəlməyib. Bu səbəbdən də polis rəisinə istefa ərizəsi yazdırılıb.

Erməni mətbuatında dolaşan xəbərlərin analizi göstərir ki, nazir müavininin işdən azad edilməsinin başqa səbəbləri də ola bilər. Məsələn, bir müddət Paşinyanın sevimli əsgəri olan Aram bundan sui-istifadə edərək, heç bir peşə təhsili olmayan böyük oğlunu Masis Yol Polisi şöbəsinə rəis təyin edib. Eyni zamanda uzun müddətdir Ermənistanda sürücülük vəsiqələrinin pulla satılması da məhz Aramın adı ilə bağlıdır.

Başqa bir iddiaya görə, polis rəisinin işdən qovulmasına səbəb Paşinyanın 50 illik yubileyi münasibətilə Sevandakı yay iqamətgahına gedən yolu düzgün bağlamaması olub. Bildirilir ki, yol çox erkən bağlanıb və baş nazirin korteji keçəndə sürücülər ona siqnal verərək etiraz edib, söyüşlə təhqir yağdırıblar. Eyni zamanda bütün İrəvanı “Təbrik edirik, Nikol dayı”, “Biz sənə güvənmirik” yazılı şüarlar bürüyüb. Amma polis bunun qarşısını ala bilməyib. Bəlkə də bu səbəbdən Paşinyanın qonaqlığını ilk olaraq Aram tərk edib. Yəqin ona qulaqburması verilib və istefa ərizəsi yazdırılıb.

Bəs yeni polis rəisi kimdir? Dünən yayılan xəbərə görə, nazir müavini postuna Lori qubernatoru Aram Qazaryan gətirilib. Dünən o, vəzifəsindən azad edilib və polis rəisi təyin edilib. Qeyd etmək yerinə düşər ki, Qazaryan Paşinyanın etimadını qazanan və onunla birbaşa əlaqə saxlaya bilən məmurlardandır. Çox güman ki, Qazaryanın bu posta gətirilməsi müxalifətin küçə etirazlarına və toqquşmalara başlayacağını anons etdikdən sonra verilən qərarın nəticəsidir. Qazaryan ailəyə sadiqliyi ilə seçilir.
Hikmət Həsənov

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.