Sülh, yoxsa ssenari? - TƏHLİL

İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarının növbəti raundu nə dünya mediasında “tarixi razılaşma” kimi təqdim olundu, nə də tərəflərin qırmızı xətlərində real yumşalma müşahidə edildi. Əvəzində Rusiya danışıqlara diplomatik ritorikasını dəyişmədən qatıldı və onlar sülhə müəyyən şərtlərlə razı olduqlarını bildirdilər. Yəni Krım, Donbas və Zaporojye Rusiyanın bir hissəsi olaraq tanınmalı, NATO ilə Ukrayna arasındakı münasibətlər “neytrallıq” statusu ilə çərçivələnməlidir. Ukrayna isə bu danışıqlarda ərazi bütövlüyü prinsipindən bir addım da geri çəkilmədi. Bu, həm daxili siyasi sabitlik üçün zəruridir, həm də Qərbdən gələn dəstəyin əsas şərtidir. Əslində, bu görüşü hərbi qarşıdurmadan sonra diplomatik səhnənin yenidən qurulması cəhdi də adlandırmaq olar. Bu danışıqlar yeni bir razılaşma doğurmadı, amma status-kvonu siyasi formatda bir daha səhnəyə gətirdi.
Müşahidələr göstərir ki, danışıqların sülhü yaratması üçün üç vacib amil lazımdır. Birincisi, hazırda yalnız Ukraynada müşahidə olunan strateji yorğunluq aradan qaldırılmalıdır. Digər yandan tərəflər siyasi iradə nümayiş etdirməlidir. Bu arada Zelenskinin seçkilərdən sonra əldə edəcəyi dəstək sual altındadır, Putinin isə daxildə müxalif alternativi olmasa da, beynəlxalq təcridi davam edir. Hər iki tərəf məhz bu amilləri nəzərə almaqla danışıqlarda müsbət irəliləyişlərin olması üçün maksimum səy göstərməlidir. İstanbul danışıqları son sülhə aparan birinci platforma ola bilərdi, əgər tərəflər bu görüşü başlanğıc kimi görsəydilər. Hazırda bu, daha çox diplomatik pauza, müharibə strategiyalarını yenidən dəyərləndirmək üçün verilmiş geosiyasi fasilə təsiri bağışlayır.
Bu danışıqların baş tutmasında beynəlxalq səyləri də qiymətləndirmək lazımdır. Türkiyə bu danışıqlara ev sahibliyi etməklə bir neçə məqsəd güdür. Birincisi, Ankara geosiyasi baxımdan Qara dənizdəki balansı qorumağa, NATO müttəfiqi olsa da, Rusiya ilə enerji və ticarət münasibətlərini sarsıtmamağa çalışır, İkincisi, Türkiyə özünü “diplomatik platforma” kimi təqdim edərək regional güc statusunu möhkəmləndirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da haqlı olaraq deyir ki, “qazanclı çıxan sülh olsun, yoxsa hamı itirəcək”. Məhz kontekstdə deyə bilərik ki, Türkiyə prosesdə rəsmi tərəf olmasa da, danışıq masasının strukturuna təsir edən güclü vasitəçidir.
ABŞ-nin danışıqlarda birbaşa iştirak etməməsi passivlik deyil, strategiyadır. Vaşinqton son illər “uzlaşdırıcı hegemon” rolunu siyasi ritorika ilə deyil, diplomatik modulyasiya ilə qurur. ABŞ bu danışıqlara yaşıl işıq yandırmaqla Rusiyaya müharibə yolu ilə Ukraynanı tükəndirmək strategiyasının alternativsiz olmadığını göstərir. Digər tərəfdən, biz bunu Tramp administrasiyasının “Amerika diplomatiyasını yenidən bərpa etmə” cəhdi kimi də qiymətləndirə bilərik. Burada bir vacib nüansa toxunmaq lazımdır ki, ABŞ bu prosesdə həm də müttəfiqlərini yoxlayır. Türkiyənin sülh təşəbbüslərinə münasibəti, Avropa İttifaqının reaksiyası və Rusiya ilə Ukraynanın real həmsöhbətə çevrilə bilmə potensialı ABŞ-nin gələcək strategiyasını formalaşdırır. Bu arada ABŞ prosesə real töhfə vermək əzmini də nümayiş etdirir. Prezident Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvətinə müsbət cavab verməsini, Rusiya və Ukrayna liderləri ilə İstanbulda sülh danışıqları aparmağa açıq olduğunu deməsini də bunun nəticəsi kimi dəyərləndirmək olar.
İstanbul danışıqları tarixi bir an deyildi, amma tarix üçün vacib siqnallar verdi. Bu görüş göstərdi ki, tərəflər bir-birini məğlub edə bilmədikcə, sülh masa üzərində qalacaq. Lakin həmin masa sadəcə sülh masası deyil. Bu masa güc münasibətlərinin yenidən qurulduğu, regional rolların dəyişdiyi və qlobal aktorların yeni nizam uğrunda yarışdığı məkandır.
MTM Analitik Qrupu