Oxumağı bacarmayan 9-cu sinif şagirdləri: Rəsmi rəqəmlər

Azərbaycan təhsilində ciddi suallar doğuran faktlar ortaya çıxıb.
Təhlil.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent 12” jurnalında yer alan statistikaya əsasən, ötən tədris ilində tədris proqramını minimum səviyyədə belə mənimsəməyən, hətta oxuyub-yazmağı bacarmayan şagirdlər qeydə alınıb.
Rəsmi məlumatlara görə, 2023-2024-cü tədris ilində 9-cu sinif səviyyəsində 5 şagirdin oxu və yazı bacarığı olmadığı müəyyən edilib. Daha dəqiq desək, bu şagirdlər sadəcə zəif nəticə göstərməyib, əlifbanı belə tam mənimsəməyiblər.
DİM-in araşdırmasında xüsusilə vurğulanır ki, bu cür hallar imtahan rəhbərlərinin protokollarında tam əks olunmadığı üçün əslində real göstərici statistikadan daha yüksək ola bilər.
Rayonlar üzrə bu problemə rast gəlinən bölgələr də açıqlanıb: Bərdə, Ağcabədi, Saatlı, Lənkəran və Şabran rayonlarının hər birində bir nəfər bu kateqoriyaya aid olunub.