03 iyun

Monqolustanın Baş naziri istefaya göndərildi

Monqolustanın siyasi səhnəsində gözlənilməz dəyişiklik baş verib.

Təhlil.az xəbər verir ki, Dövlət Böyük Xuralı-ölkə parlamenti gizli səsvermə nəticəsində Baş nazir Luvsannamsrayn Oyun-Erdeneni vəzifəsindən azad edib.

Bu qərar, parlament çoxluğunun ona etimadı itirməsinin rəsmi təsdiqi kimi qiymətləndirilir.

Monqolustan qanunvericiliyinə əsasən, Baş nazirə etimad üçün parlamentin ən azı 64 üzvünün səsi tələb olunur. Lakin görünür ki, siyasi dəstək artıq sabiq hökumət başçısının arxasında deyil. Maraqlıdır ki, bu qərardan sonra Oyun-Erdene vəzifəsini dərhal tərk etmir.  O, yeni hökumət başçısı təyin olunana qədər vəzifələrinin icrasını davam etdirəcək.

Parlament sədri Daşzeqviin Amarbayasqalan bu keçid dövründə sabiq Baş nazirə səlahiyyətləri müvəqqəti icra etməyi rəsmən tapşırıb. Monqolustan qanunlarına görə, yeni Baş nazir 30 gün ərzində təyin edilməlidir. Bu müddət ərzində həm daxili siyasi qüvvələr, həm də ictimai rəy yeni rəhbərlə bağlı konsensusa gəlməyə çalışacaq.

Ekspertlər hesab edirlər ki, bu istefa Monqolustanda son illərdə artan iqtisadi və sosial narazılıqların siyasi müstəviyə daşınmasının nəticəsidir. Yeni hökumət başçısının kimliyi və hansı kursu seçəcəyi isə ölkənin yaxın gələcəyində sabitliyin bərqərar olub-olmayacağını müəyyən edəcək.

Hikmət Həsənov 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.