02 iyun

Ermənistanda hakimiyyət-kilsə qarşıdurması - ŞƏRH

Ermənistanda hakimiyyətlə Kilsə arasında qarşıdruma getdikcə şiddətlənir. Hələ 2018-ci ildə hakimiyyətə gələndən Apostol Kilsəsinə qarşı addımlar atan baş nazir din xadimlərini keçmiş hakimiyyətlə əməkdaşlıqda ittiham edirdi.

2020-ci ildə 44 günlük müharibədə acı məğlubiyyətə görə məhz baş nazirin Eçmiədzin tərəfindən günahkar elan edilməsi tərəflər arasında münasibətləri daha da gərginləşdirdi. Sonradan ortaya çıxan “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan isə bu gərginliyin duzu-istiotu oldu.

Artıq bir neçə gündür ki, hökumət-Kilsə münasibətlərində yeni gərginlik müşahidə edilir və hər ötən gün bu, daha da şiddətlənir.

Paşinyanın birdən-birə söyüş və təhqir ritorikasına keçməsinin də müəyyən səbəbləri var. Birincisi, baş nazir artıq Kilsəyə öz adamını gətirmək, ruhaniləri də idarə etmək niyyətini artıq ortaya qoyub. İkincisi, İsveçrədə keçirilən tədbirdə Katalikos II Qareginin verdiyi açıqlamalar Nikolu tamamilə özündən çıxarıb.

Sirr deyil ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və bu seçkilər müxalifətlə iqtidarın ölüm-dirim mübarizəsi olacaq. Buna görə də hər iki tərəf bu seçkiyə çox ciddi şəkildə hazırlaşır. Paşinyan komandasının seçki üçün istifadə edəcəyi rıçaqlardan biri də sülh gündəmidir.

Son dövrlər tez-tez ortaya buraxılan sülh tezisi əslində cəmiyyətin müharibədən qorxan, hələ də sağalmayan travmaları olan kəsimi üçün nəzərdə tutulub. Katalikosun çıxışı isə sülh gündəminə qarşı atılan addımdır və baş nazir onu bağışlamaq niyyətində deyil.

Çünki son sorğular da göstərir ki, Kilsənin hələ də erməni cəmiyyətinə təsir rıçaqı var və nüfuzu normaldır. Bu səbəbdən də müxalifətin sülh gündəminə qarşı heç bir planı baş tutmadığı halda erməni Kilsəsinin birdən-birə aktivləşməsi hakim partiyanın planlarının pozulması mənasına gəlir.

İş o həddə çatıb ki, Paşinyan və Anna Akopyanla yanaşı, artıq hakimiyyət nümayəndələri də Kilsəyə qarşı hücumlara keçiblər. Məsələn, partiya üzvü Qnel Sarkisyan Marmaşen monastrına gedərək, kilsə xadimlərini təhqir edib. Eyni zamanda sosial şəbəkələrdə də hakimiyyətə yaxın şəxslərin aktivləşərək ruhaniləri təhqir etdiyi görünür.

Həm də ehtimal etmək olar ki, bu yaxınlarda erməni Kilsəsinin rəhbərliyi barədə kompromatlar dövriyyəyə buraxılacaq, linçləmə kampaniyasına start veriləcək. Təsadüfi deyil ki, Nikol Paşinyan din xadimlərini uşaqbazlıqda və seksual azğınlıqda da ittiham edib. Bu isə deməyə əsas verir ki, xüsusi xidmət orqanlarının əlində müəyyən materiallar var və bu yaxınlarda sosial şəbəkələrə və mətbuat səhifələrinə yerləşdiriləcək.

Eyni zamanda baş nazir müəyyən çıxışlarında Kilsə başçısı seçimlərində dövlət nəzarətinin vacibliyindən də danışıb. Bu isə deməyə əsas verir ki, Eçmiədzin ilə haqq-hesabı çürütməyi qarşısına məqsəd qoyan Nikol bu quruma öz adamını gətirmək, Kilsə kimi rəqibini sıradan çıxarmağı planlaşdırır. Erməni Konstitusiyası isə buna izacə vermir. Bu səbəbdən də növbəti Konstitusiya dəyişikliyində bu maddəyə də “əl gəzdiriləcəyi” istisna edilmir.

Hikmət Həsənov

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.