02 iyun

İqtisadi fırtınada dayanıqlı Azərbaycan modeli - TƏHLİL

Dünya iqtisadiyyatı elə bir mərhələyə qədəm qoyub ki, artıq problem və risklər sadəcə statistik hesabatların deyil, gündəlik həyatın bir parçasına çevrilib. Ticarət dövriyyəsindəki gərginlik, inflyasiya, təbii fəlakətlər və iqlim böhranı dövlətlərin sosial rifahını sarsıdır.

BMT-nin son hesabatı vəziyyətin miqyasını aydın ortaya qoyur. Belə ki, təbii fəlakətlər bəşəriyyətə əvvəllər hesablandığından təxminən 10 dəfə baha başa gəlir. Əgər əvvəllər illik zərərin 200 milyard dollar olduğu düşünülürdüsə, indi bu rəqəm 2,3 trilyon dollara qədər yüksəlib. Səhiyyə, təhsil, əmək bazarı və dövlət borcu kimi sahələrdə təzyiq artdıqca, ölkələrin iqtisadi sabitliyi zəifləyir. Ən ağır zərbə isə inkişaf etməkdə olan ölkələrin payına düşür. Mikroneziyada cəmi 4,3 milyard dollarlıq zərər ölkə ÜDM-nin 46 faizini udub.

Bu sarsıntılara təkcə təbiət səbəb olmur. Siyasi qeyri-müəyyənliklər və ticarət savaşları da iqtisadiyyatı çökdürən faktorlardandır. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin proqnozlarına görə, 2025-ci ildə qlobal ÜDM artımı cəmi 2,4 faiz olacaq. Ticarət artımı isə 2024-cü ildəki 3,3 faizdən 1,6 faizə düşəcək. ABŞ və Çin arasında yeni gərginlik dalğası, xüsusən Trampın başladığı ticarət müharibəsinin yaratdığı qeyri-müəyyənlik, dünya şirkətlərini milyardlarla dollar zərərlə üz-üzə qoyub.

Bu böhranlı tabloda Azərbaycanın iqtisadi göstəriciləri müsbət mənzərə sərgiləyir. 2025-ci ilin ilk dörd ayında ÜDM 0,9 faiz artaraq 39,3 milyard manata çatıb. Xarici ticarət dövriyyəsi 24,1 faiz artımla 16,9 milyard dollara yüksəlib. Avropa İttifaqı ilə ticarət əlaqələri 35,5 faiz artıb. Azərbaycanın ixrac etdiyi məhsulların əhəmiyyətli hissəsi Aİ ölkələrinə yönəlib, idxal isə nisbətən aşağı səviyyədə qalıb. Bu da ölkənin ticarət balansının lehinə işləyir.

Bütün bu rəqəmlər təsadüfi deyil. Tranzit daşımaların genişlənməsi, xidmət sektorunda canlanma və istehsal artımı Azərbaycanın iqtisadi dayanıqlığını gücləndirir. Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi qurumlar da Azərbaycan iqtisadiyyatının artım tempini dünya ortalamasından yüksək qiymətləndirir.

Nəticə etibarilə, dünya iqtisadiyyatı fırtınalı dövrdən keçsə də, Azərbaycan bu axının içində sükanını itirməyən ölkələrdən biridir. Risklər mövcuddur, amma öncədən görülən tədbirlər, balanslı iqtisadi siyasət və artan regional əməkdaşlıq imkanları ölkənin bu dalğaları daha rahat aşmasına şərait yaradır.

MTM Analitik Qrupu 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.