Ermənistandan İrana qarşı həmlə - Rüsumlar artırıldı - ŞƏRH

Ermənistan hökumətinin yeni qərarı ölkədə ciddi müzakirələrə səbəb olub. Qərara əsasən, yerli istehsalçıları qorumaq adı altında idxal olunan sementin dövlət rüsumu növbəti dəfə artırılıb. Bu günə qədər 1 ton üçün ödənilən 2000 dram (təxminən 9 AZN) artıq 4 dəfər artırılaraq, 8 min dram təyin edilib. Hökumətin verdiyi açıqlamada yerli istehsalçını qorumaq nəzərdə tutulduğu bildirilir. Amma burada diqqət yetiriləsi bir neçə məqam var. Birincisi, bu qərarla İrandan idxal olunan sementin qiyməti ciddi şəkildə artırılacaq. Yerli istehsalçı isə İran sementinin qiymətinin artımının müşahidə edildiyi yerli bazarda öz məhsulunun da qiymətini artıracaq. İkincisi, bu qərar tikinti xərclərinin artması ilə nəticələnəcək. Bu da bilavasitə daşınmaz əmlak qiymətlərinə təsir edəcək. İşin digər tərəfi də odur ki, artırılmış vergini idxalçılar yox, istehlakçılar ödəyəcək.
Bu da həm istehlakçılara, həm də tikinti işi ilə məşğul olan şəxslərə maddi ziyan vuracaq. Üçüncüsü, təcrübə göstərir ki, yerli sementin daxili bazarda rəqabət qabiliyyətini təmin etmək üçün idxal rüsumlarının artırılması kifayət etmir. Bu təcrübə 2019-cu ildən bu yana tətbiq edilsə də, hələ də ortada ciddi bir nəticə yoxdur. Yerli istehsalın idxal sementinə qarşı rəqabət qabiliyyətini başqa mexanizmlər, məsələn, texniki yenidənqurma, subsiyadalar, vergi güzəştləri vasitəsilə artırmaq olar. Rəsmi statistikaya müraciət edək. Son dövrlər Ermənistanda yerli istehsal yenidən öz yerini idxala verməyə başlayıb və rəqabətə tab gətirə bilmir. İstehsal həcmi ciddi şəkildə azalır. Hələ 2024-cü ildə bu azalma 7,3% olub ki, bu da 2023-cü illə müqayisədə 83 min ton az sement deməkdir. Cari ilin əvvəlində isə bu azalma daha da dərinləşib. Birinci rübün məlumatına görə, azalma 18,5%-ə çatıb. Üç ayın göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 36 min ton az olub.
İşin maraqlı tərəfi də odur ki, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərlə İran arasında azad ticarət sazişi artıq qüvvəyə minib və bu saziş çərçivəsində erməni malları ilk dəfə olaraq İran bazarına güzəştli giriş şərtləri əldə edib. Belə bir vəziyyətdə Ermənistan hökuməti İran sementinin ölkə bazarına idxalına məhdudiyyətlər qoymaq qərarına gəlib. Ortaya çıxan mənzərə odur ki, İran öz bazarını erməni məhsullarına açsa da, Ermənistan İran məhsullarının erməni bazarında satışına əngəllər yaradır. Bu isə Aİİ çərçivəsində əldə olunan azad ticarət sazişinə ziddir. Belə olduğu halda yəqin ki, yaxın günlərdə İrandan da Ermənistana qarşı iqtisadi rıçaqların işə düşəcəyini görəcəyik.
Hikmət Həsənov